Oğuzda bəzi kəndləri birləşdirən avtomobil yollarının əsaslı təmirinə başlanıb
Oğuz rayonunda bəzi kəndləri birləşdirən avtomobil yollarının əsaslı təmirinə start verilib.
Oğuz rayonunda bir sıra yaşayış məntəqələrinin yol infrastrukturu yenidən qurulmağa başlanılıb.
Rayonun Calut Mollalı Yemişənli Dəymədərə Tərkeş Dəymədağlı kəndlərində avtomobil yollarının əsaslı təmiri məqsədi ilə dövlət başçısı müvafiq sərəncam imzalayıb. Bu məqsədlə hazırda kənd yollarında su ötürücüləri qurulur yollara ağır texnikalar vasitəsilə qum tökülərək hamarlanır. Yol abadlıq və rahatlıq deməkdir. Tərkeş və digər kəndlərdə yolların bərbad olması hər kəsi narahat edirdi. Artıq bu problem həllini tapmaq üzrədi.
Bizim.Media-ya danışan kənd sakini Ceyhun Məmmədov bildirib ki, yollar bərbad vəziyyətdə idi:
“Maşınlarımız tez-tez xarab olurdu, uşaqlar məktəbə gedə bilmirdi, xəstələrimiz üçün yol böyük problem idi. İndi isə yol çəkilir, hamı çox sevinir.”
Digər sakin İslam Rəşidov qeyd edib ki, kənd əhalisi illərdir bu məsələ ilə bağlı müxtəlif dövlət qurumlarına müraciətlər etmişdi, nəhayət səsləri eşidilib:
“Əl əməyinə ehtiyac olan işlərdə biz də geri durmuruq, kömək edirik,” – deyə o, bildirib.
Mollalı kəndində də vəziyyət yaxşılığa doğru dəyişir. İki il əvvəl yolsuzluq probleminin gündəmə gətirildiyi kənddə artıq suötürücülər yenilənib, yol qum tökülərək düzəldilib. Kənd sakini Tarverdi Abdullayevin sözlərinə görə kənd Qəbələ-Oğuz yolundan cəmi 4,5 km aralıda yerləşir. Maşınlar hər gün dağılırdı. Təcili yardım belə çatmırdı. İndi körpülər salınır, yollar çəkilir, vəziyyət düzəlir.
Qeyd edək ki, Qaraməryəm–İsmayıllı–Şəki magistralının 4 min nəfər əhalinin yaşadığı Calut, Mollalı, Yemişanlı, Dəymədərə, Tərkeş və Dəymədağlı kəndlərini birləşdirən avtomobil yollarının əsaslı təmiri üçün dövlət büdcəsindən ilkin olaraq 1,5 milyon manat vəsait ayrılıb. Tikinti işlərinin ilin sonuna qədər tamamlanması nəzərdə tutulur.