Oğuz Peşə Məktəbində “Məzun Günü” qeyd olundu
Oğuz Peşə Məktəbində 97 tələbənin məzun olduğu “Məzun Günü” keçirildi. Tədbirdə rəsmilər və valideynlər iştirak edərək təbriklər ünvanladılar.
Oğuz Peşə Məktəbində 2024–2025-ci tədris ilinin sonu münasibətilə təntənəli “Məzun Günü” tədbiri keçirilib. Tədbirdə Oğuz Rayon İcra Hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aliyə Osmanova, YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov, ATİAHİ Oğuz rayon komitəsinin sədri Fərman İbrahimov, eləcə də işəgötürən müəssisələrin nümayəndələri, müəllimlər və valideynlər iştirak ediblər.
Tədbir çərçivəsində Vətən uğrunda canını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Ardınca tələbələrin ifasında şeirlər səsləndirilib, rəqs nömrələri təqdim olunub.
Peşə məktəbində təhsildə və ictimai işlərdə fərqlənən müəllim və tələbələrə təşəkkürnamələr təqdim edilib. Bu il məktəbi uğurla başa vuran 97 məzun yeni həyata qədəm qoyub.
Oğuz Peşə Məktəbinin rəhbərliyi və qonaqlar məzunları təbrik edərək, onların gələcək fəaliyyətlərində uğurlar arzulayıb.